
214
0
saglam_qidalanma / 2021-02-25 23:44:36
MƏŞQDƏN SONRA NƏ YEMƏK LAZIMDIR?
Əzələlərinizi böyütmək və ya arıqlatmaq, yaxud da ümumiyyətlə fiziki quruluşunuzu yaxşılaşdırmaq istəyirsinizsə bilin ki, məşq sonrası qidalanma günün ən vacib qidasıdır.
Məşq
sonrası qidalanma ilə bağlı bir çox fərqli fikirlər mövcuddur. Nə yemək
lazımdır, nə qədər yemək lazımdır, hansı qidalar daha yaxşıdır?
Məşqdən sonra nə
yemək olar nə yemək olmaz?
Sizin məşq sonrası
qidanızda mütləq 2 şey olmalıdır: zülal (protein) və karbohidrat. Olmamalı olan
isə yağdır.
Niyə yağ olmaz?
Əsas ona görə ki,
yağ həzm prosesini yavaşladır. Həzm prosesi yavaşlarsa protein və karbohidratın
da həzmi və bədənə sovrulması yavaşlayacaq.
Məşqdən nə qədər
sonra qida qəbul etmək olar?
Nə qədər tez olsa
bir o qədər yaxşıdı. Bu o demək deyil ki, qantelləri yerə qoyan kimi yeməyə
keçməlisiniz. Lakin, yadda saxlamaq lazımdır ki, məşq sonrası bədəndə “qida pəncərəsi”
açılır. Bu dövr ərzində qidalanma bədən üçün ən faydalı olur. Məşq sonrası
qidanı ən geci 1 saat ərzində qəbul etmək lazımdır. Daha yaxşı olar ki, ilk 30
dəqiqə ərzində qəbul edəsiniz.
Məşqdən sonra zülal
Qeyd etdiyimiz
kimi, məşqdən dərhal sonra qidalanmaq çox vacibdir. Lakin, siz yemək yediyiniz
zaman o dərhal həzm olunmur. Qidanın həzm olunub komponentlərinə parçalanmasına
və sonra bu komponentlərin bədənə sovrulmasına və əzələlərə daşınmasına xeyli
vaxt lazımdır.
Baxmayaraq ki,
toyuq əti, balıq əti, mal əti və s. gözəl zülal qaynağıdır onlar dərhal həzm
olunmurlar. Ona görə də məşq sonrası qida kimi optimal deyillər.
Bəs məşq sonrası
zülalı nədən alaq?
Məşq sonrası ən
yaxşı zülal mənbəyi Whey proteindir (toz halında olan xalis protein). Onu sadəcə
su ilə qarışdırıb rahatlıqla içə bilərsiniz. Whey protein bədən tərəfdən daha
tez həzm olunub sovrulacaq. Bunun iki səbəbi var.
1. Maye şəklində
olan qidalar daha tez həzm olunur;
2. Whey
protein isə proteinlər arasında ən tez həzm olunandır.
Məşqdən sonra nə qədər
protein qəbul etmək lazımdır?
Bədənin hər
kiloqramı üçün 0.3-0.5 qr arası protein qəbul etmək tələb olunur. Bu o deməkdir
ki, 70 kq çəkisi olan adam məşq sonrası 21 – 35 qr protein qəbul etməlidir.
Məşqdən sonra
karbohidratlar
Məşqdən sonra
karbohidrat qəbulu da ən az zülal qədər önəmlidir. Məşqdən sonra əzələlərin bərpası
üçün karbohidratlar çox vacibdir. Çünki, məşq zamanı əzələlərimizdə qlikogen
tükənir (qlikogen enerji mənbəyidir, bədən üçün yanacaq rolunu oynayır).
Qlikogen ehtiyatlarını bərpa etmək üçün karbohidrata ehtiyac var. Əgər vaxtında
karbohidrat qəbul olunmasa bədən əzələləri parçalayaraq onlardan enerji mənbəyi
kimi istifadə etməyə başlayacaq. Ona görə də yadda saxlamaq lazımdır ki, məşq
sonrası qidalanma olduqca vacibdir.
Karbohidratlar həm
də bədəndə insulini artırır ki, məşqdən sonra bu da vacibdir. İnsulin proteini əzələlərə
daşıma rolunu oynayır. İnsulin olmasa protein əzələlərə çatmaz və əzələlər bərpa
olunaraq böyüməz.
Karbohidratı hansı
qidalardan alaq?
Burada belə bir
paradoks yaşanır. Bilirik ki, karbohidratlar yavaş və sürətli olmaqla iki yerə
ayrılır. Yavaş karbohidratlar yaxşı hesab olunur, sürətlilər isə pis. “Yaxşı”
karbohidratlara düyü, qarabaşaq (qreçka), yulaf (ovsyanka) və s. aiddir. Çünki
onlar yavaş həzm olur və günboyu bədəni enerji ilə təmin edir. Sürətli
karbohidratlara isə bal, şokolad, banan və s. şirin qidalar aiddir.
Məşqdən sonrakı
dövr yeganə dövrdü ki, burada “yaxşı” və “pis” karbohidratlar yer dəyişirlər.
Burada sürətli karbohidratlar bizə daha vacib olur. Ona görə də məşqdən dərhal
sonra banan və ya şokolad yeyə və yaxud şirin sok içə bilərsiniz.
Bütün bu məsləhətlərə
əməl etsəniz məşqdən sonra əzələlərin dağılmasının qarşısını alarsınız və
onların tez bərpasına və böyüməsinə kömək edərsiniz.
Bodyfitness Azerbaijan